IQNA

Quranda əxlaqi mövzular / 12

Qəzəb, xoşbəxtlik yolunu uzaqlara aparan bir xüsusiyyət

10:24 - July 13, 2023
Xəbər sayı: 3494452
TEHRAN (IQNA) – Qəzəb insanın ən təhlükəli hallarından biridir. Əgər qarşısı alınmasa, bəzən dəlilik və əsəblərə hər cür nəzarəti itirmək şəklində özünü göstərir. Həmçinin bir çox təhlükəli qərarlar verir və cinayətlər törədir ki, bir ömür cəzasını cəkir.

İnsan halının həmişə eyni olmaması təbiidir. Bəzən sevinir, bəzən də onu əsəbiləşdirən vəziyyətlər olur. Bu zaman o insan müvəffəq olur ki, qəzəbini davam etdirmir. Amma bu çarxın sonuna qədər ipi çəkməyə davam edən şəxs nəinki heç nə qazanmır, həm də özünün daha çox zərərə və ziyana uğramasına səbəb olur.

Allah Qurani-Kərimdə yaxşı insanların xüsusiyyətlərindən birini belə təqdim edir: Onlar qəzəbləndikləri zaman o qədər böyük şəxsiyyətə sahibdirlər ki, bağışlayarlar: "O kəslər üçün ki, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar" (Şura, 37).

Yəni içlərində qəzəb odu alovlananda özlərinə hakim olur, hər cür çirkin günah və cinayətlərə əl atmazlar. Böyük günahlardan və çirkin işlərdən çəkinmək məsələsindən sonra bu sifətin zikr edilməsi, yəqin ona görədir ki, bir çox günahların mənşəyi, ruhun cilovunu ağılın əlindən alıb, hər tərəfə sərbəst qaçan qəzəb halıdır.

Maraqlıdır ki, o, demir: qəzəblənmirlər. Çünki qəzəblənmək çətin vəziyyətlər yarananda hər bir insanın təbiətidir. Əsas odur ki, qəzəbini cilovlaya bilsinlər və heç vaxt onların hakimiyyəti altına düşməsinlər. Xüsusən də insanlarda qəzəbin olmasının həmişə mənfi və ya dağıdıcı tərəfi yoxdur.

Başqa bir ayədə isə Allahın peyğəmbərlərindən birinin, yəni həzrət Yunisin öz ümmətinə qəzəbindən bəhs edilir. Bu qəzəb zahirdə müqəddəs olan, əslində isə tələskənlikdən və çaşqınlıqdan yaranmışdı. bu səbəbdən də Allah onu tərki-övla (tərki-övla ərəb dilində "daha üstün olan əməli tərk etmək" deməkdir) etdiyinə görə bəlaya düçar etdi. Çox böyük sıxıntıya düşdü və nəhayət, bu əməlindən tövbə etdi.

Allah buyurur: "Zün-Nunu (balıq sahibi Yunisi) da xatırla! Bir zaman o (küfr etməkdə həddi aşmış ümmətinə qarşı) qəzəblənərək çıxıb getmiş və (Bizə xoş gəlməyən bu səbirsizliyinə görə) onu möhnətə düçar etməyəcəyimizi (gücümüzün, yaxud hökmümüzün ona yetməyəcəyini) güman etmişdi. Amma sonra qaranlıqlar içində (balığın qarnında; gecənin, yaxud dənizin zülmətində): “(Pərvərdigara!) Səndən başqa heç bir tanrı yoxdur. Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam (əmrinə qarşı çıxaraq özümə zülm eləmişəm)”, -deyib dua etmişdi" (Ənbiya, 87).

Yunis nə edib ki, belə cəzaya layiq olsun? Peyğəmbərlərin günah işlətmədiyini bilsək də, ilkin təəssürat ondan ibarətdir ki, Yunis (ə) kimi mərhəmətli bir peyğəmbərin xeyirxah dəvətini qəbul etməyən azmış insanlara qarşı qəzəblənməsi tamamilə təbiidir. Lakin onun kimi böyük peyğəmbərə daha yaxşısı bu idi ki, Allahın əzabının tezliklə o qövmə gələcəyini bildikdən sonra yenə də son ana qədər onları hidayət etməyi tərk etməyəydi və nəsihətlərin təsirli olmasından ümidini kəsməyəydi. Yunis (ə) qəzəblənməsəydi, fikrini dəyişmiş ola bilərdi. Təcrübə də göstərdi ki, o insanlar son anlarda oyanaraq tövbə əllərini haqq qapısına qaldırdılar və Allah onlardan əzabı aradan qaldırdı.

captcha