IQNA

Quranda əxlaqi mövzular / 27

Tələsən təndirə düşər

9:18 - September 19, 2023
Xəbər sayı: 3494761
TEHRAN (IQNA) – İstənilən maddi və mənəvi məqsədə çatmaq üçün insana ruhi aramlıq lazımdır. Narahatlıq və peşmanlıq aramlığa çatmağa böyük maneədir. Təşviş və peşmanlığa səbəb olan əxlaqi xüsusiyyətlər arasında tələsmək də var.

İnsanlarda qınanan və bəyənilməyən əxlaqi xüsusiyyətlər arasında tələskənlik xisləti də var. Hər bir işə hazırlıq lazımdır. O hazırlıqlara əməl edilməsə işin məhvinə səbəb olar. Məsələn, almanın meyvə verməsi üçün ilkin şərtlərdən biri də zamandır. Almanın kal meyvədən yetişmiş və ləzzətli meyvəyə çevrilməsi üçün müəyyən müddətin keçməsi lazımdır. İndi bu iş üçün hazırlıq işləri nəzərə alınmayıbsa, bu işə tələskənlik deyilir. Məsələn, alma yetişməmiş ağacdan yığılır. Allah Quranda bu əxlaqi sifətə işarə etmiş və "Ənbiya" surəsinin otuz yeddinci ayəsində belə buyurur: "İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!".

Hər hansı bir işə başlamaq üçün iki şey lazımdır: Birincisi, bədənin sərf olunan enerji miqdarına nisbətdə tutumu. İkincisi, insanın motivasiyası və psixi vəziyyəti.

  Tələsmək hər iki işin uğursuzluğuna səbəb olacaq. İlkin araşdırma olmadan tələsik hərəkət olduğu üçün işə başlamaq insanın enerjisinin və vaxtının itkisinə səbəb olur. Belə olduğu surətdə görülən işin heç bir nəticəsi olmayacaq. Bu, boş və faydasız iş olacaq. Birinci hal olanda ikinci hal avtomatik olaraq özü ilə gəlir. Yəni insan vaxtını boş yerə sərf etdikdə əhvalı pisləşir. İşə davam etmək və ya yenidən başlamaq motivasiyasını itirir. Bu səbəbdən qeyd olunan məsələləri bir araya gətirməklə tələsik davranmağın insana ən böyük və ya ən çox təsirinin peşmanlıq olduğu həqiqəti əldə edilir. Məhz buna görə də İmam Əli (ə) buyurur: “Nə qədər insan var ki, bir işə tələsir. Ona nail olduqda, (dərhal peşman olur və) arzulayırlar ki, ey kaş, heç vaxt onu əldə etməzdilər” (Nəhcül-Bəlağə, 150-ci xütbə).

Əlbəttə ki, sürət məsələsini tələskənliklə qarışdırmaq olmaz. İşi sürətləndirmək nəinki təəssüf hissi doğurmur, həm də insanda rahatlıq yaradır; Qeyd olunduğu kimi, tələsmək işin müqəddiməsi və hazırlıqları görülməmiş yerinə yetirilməsidir. Sürət isə bütün hazırlıqlar görüldükdən sonra insanın işi sürətləndirib tez bitirməsi deməkdir. Beləliklə, bu ikisi ümumiyyətlə eyni şey deyil.

captcha