IQNA

Malının zəkatını vermək yaxşı insanların xüsusiyyətlərindəndir

13:02 - August 20, 2023
Xəbər sayı: 3494632
TEHRAN (IQNA) - Allahın nəzərində yaxşı insanlar o şəxslərdir ki, həm vacib zəkatı verir, həm də imkansız insanlara kömək edirlər.

Bildiyimiz kimi hər bir insan özünü yaxşı insan bilir və ya yaxşı kimi göstərməyə çalışır.

Amma ən önəmlisi insanın həqiqətdə yaxşı insan olub-olmamsıdır. Yoxsa yalandan insanın özünün yaxşı olduğunu və ya yaxşı göstərdiyinin bir faydası yoxdur. Əsas odur ki, insan həqiqətən yaxşı olsun. Çünki insanın dünya və axirət sadətinin sirri yaxşı olmaqdan keçir. Bunu da bizə varlığı yoxdan var edən Mütəal Allah dəqiqliyi ilə və kamil şəkildə deyə bilər.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində "Əbrar"ın xüsusiyyətlərini bəyan edir.

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ وَ أَقامَ الصَّلاةَ وَ آتَى الزَّکاةَ...»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namazı bərpa edən, zəkat verən kimsələr...".

Ayə deyir ki, Allahın nəzərində yaxşı insanlar zəkat verən şəxslərdir. Bir çox insanlar var ki, bəzi hallarda kasıblara kömək etməyə hazırdırlar, lakin onlar öz vacib haqlarını ödəməkdə səhlənkarlıq edirlər. Bu qrupdan fərqli olaraq, bəziləri də var ki, vacib zəkatı verməkdən əlavə, heç bir yardım etməyi qəbul etmirlər. Çox ehtiyacı olan insanlara bir dinar belə verməyə razı deyillər.

  Yuxarıdakı ayədə bir tərəfdən “müstəhəb zəkatı vermək və fədakarlıq etmək”, digər tərəfdən isə “vacib zəkatı vermək” qeyd olunur. Bu, hər iki qrupu yaxşılar sırasından çıxarır və yaxşıları hər iki sahədə vəzifəsini yerinə yetirən biri hesab edir. Yəni Allahın nəzərində yaxşı insanlar o şəxslərdir ki, həm vacib zəkatı verir, həm də imkansız insanlara kömək edirlər.

Maraqlısı odur ki, o, müstəhəb sədəqələri bəyan etdikdə (var-dövlət onların sevimlisi olsa da) ''Əla Hubbihi'' kəlməsini zikr edir. Amma vacib zəkatla bağlı belə deyil. Çünki vacib maliyyə haqqını ödəmək ilahi və ictimai bir vəzifədir. Ehtiyacı olan insanlar İslam məntiqinə görə varlının malında müəyyən nisbətdə şərikdirlər. Şərikin malının ödənilməsinin bu ibarətə ehtiyacı yoxdur.

Beləliklə, Mütəal Allah insanlara həqiqətən, yaxşı olmağın yollarını öyrədir. O yollardan biri də insanın həm müstəhəb, həm də vacib zəkatı verməsidir. Biz də belə olmaqla yaxşı insan ola bilərik.

Keçən bəhsimizdə yaxşı insan olmağın yollarından birinə yəni namazı bərpa etməyə Allahı daim yad edən bir toplum tərbiyə etməyə işarə etdik. Burada da Allahı yad etmək və Onunla əlaqə qurmaqdan əlavə, Allahın bəndələrini yad etmək yəni xalqla da əlaqə qurmağa işarə olunur.

Beləliklə, özünü və digər insanları namaz qılan etməklə, yəni Allahı daim yad edən bir toplum tərbiyə etməklə, həmçinin Allahın bəndələrini yad etmək yəni bir-birinə əl tutan və kömək edən bir toplum tərbiyə etməklə yaxşı insan olmaq olar.

Gələn bəhsimizdə yaxşı insan olmağın digər yollarına da işarə edəcəyik.

captcha